Unudulmaz liderimizin nümunə kimi qəbul etdiyi bu təhsil müəssisələrindən biri olan "Qafqaz"Azərbaycan–Türkiyə Özəl Gimnaziyası 1996-cı ildən fəaliyyət göstərməsinə baxmayaraq qısa zaman içərisində həm paytaxtın pedaqoji ictimaiyyətinin, həm də valideyinlərin rəğbətini qazana bilmişdir. Bunun səbəbi isə gimnaziyanın gənc pedaqoji kadrlarının, fədakar xidmət işçilərinin Ulu Öndərin verdiyi qiymətə layiq ola bilmək üçün çalışmasıdır.
Məktəb ən müasir maddi-texniki baza ilə yanaşı öz peşəsini sevən, ölkənin gələcəyinin onlardan asılı olacağını dərk edən və gecəli-gündüzlü Azərbaycan üçün savadlı, geniş dünyagörüşlü, bacarıqlı insanlar yetişdirməyi öz həyat amalı qəbul edən müəllim kollektivinə malikdir.Məktəbdə şagirdlər ən müasir təlim şəraiti və vasitələri ilə, lazım olan hər cür iaşə, kommunal, məişət, tibbi-sağlamlıq, mədəni xidmətlərlə təmin olunmuşlar.
"Qafqaz"Azərbaycan–Türkiyə Özəl Gimnaziyasının şagirdləri Respublika və Beynəlxalq fənn olimpiadalarında, müsabiqələrdə fəal iştirak edirlər. İndiyədək gimnaziyanın şagirdləri müxtəlif ölkələrdə keçirilən olimpiada və bilik yarışlarında ölkəmizə çox sayda qızıl, gümüş və bürünc medallar qazandırmışlar.